Nəvələr sual edir, Şükür baba kim olub?
Bu sevgiyə səbəb nə? Adına kənd qoyulub.
Bu sualın cavabı mənə deyildir çətin,
Mən atamı görmüşəm – xeyirxah, həm də mətin,
Atam atlanan zaman yerə sığmaz kəhəri,
Sinəm dağa dönərdi mən aldıqca fərəhi,
Qartal olub uçardım göyün yeddi qatında,
Bax, beləcə açardım nağıllaşan səhəri.
Bu sirri açmaq üçün keçmişə baxmaq gərək,
Bu hikmətdə gizlənən tarixi vərəqləyək.
...Keçən əsrin əvvəli, dəliqanlı cavanlar,
İki tayfa arası qan davası salanlar.
Kəndə sərhəd çəkərək, səngərlərə toplaşıb,
İki nəfər öldürüb bütün günü atışıb.
O vaxtki adət ilə tayfa cavabdeh qana,
Qansız keçinmək üçün ümidi ağsaqqala.
Elinə başçı olan, son günlərin yaşayan,
Nurani Bədir kişi kin-küdurət daşıyan
Cavanları toplayıb oğlu Şükürlə birgə
Dedi: "Öldürən bizdən, ölənlər deyil özgə,
İki tayfa üz-üzə, çəkilmiş əsəb dara.
Gözdən uzaq durmalı, qaysaq bağlasın yara”.
Yeni yaşayış yeri Xan dərəsini seçdi,
Bədir kişi dünyadan, el isə ora köçdü.
Atasız qalan Şükür dözərək bu möhnətə,
Qısa zaman ərzində çatdı böyük şöhrətə.
... Gahanda müharibə, Rusiyada səfalət,
Güclü əzir gücsüzü, ölkədə yox ədalət.
İrandan şahsevənlər, evlər-kəndlər basılır,
Gah da kazaklar gəlir, danışanlar asılır.
Kəndi qorumaq çətin, karda deyil dəyənək,
Şükür mahir atıcı, söz deyir güllə-tüfəng.
Qorudu öz kəndini böyük cəsarət ilə,
Dərin hörmət qazandı ağsaqqallıq sözüylə.
"Şükürün kəndi” kimi tanıdı yurdu ətraf,
Bu yurddan çıxanların insanlığı su tək saf.
Hamının ümid yeri göydə allah dərgahı,
Yerdəsə Şükür oldu el-obanın pənahı.
... İmperiya dağıldı, Milli Şura yarandı,
Sovetlərlə döyüşdə Şükürsə yaralandı.
Tufan geri qayıtdı, dünya, adət dəyişdi,
Eli qorumaq üçün siyasət də dəyişdi.
Rus dili bilənlərə, savadlı adamlara,
Yarananda ehtiyac şöhrətli ad-sanlara,
Təlatümlü sərhəddə Şükür rəis seçildi,
Əslində bu xidməti yenə el üçün idi.
İranla danışıqlar, sərhəddəki döyüşlər,
Tanınmış başçılarla diplomatik görüşlər.
Sülh, barış yaratdı bizim bütöv bölgədə,
Şöhrətini artırıb, tanıtdırdı ölkədə.
... Faşistlərlə döyüşdə atam birinci oldu,
Qafqazın xilasında sinəsi qanla doldu.
Ağır yara alsa da, xarüqələr yaratdı,
Xeyli orden, medalla mülki işə qayıtdı.
Yoxsullara əl tutub, daha uzağa getdi,
Körpülər, yollar salıb, xeyriyyəçilik etdi...
...Minilliyin sonunda Milli dövlət yarandı,
Hamı sanki ayıldı, keçmiş yada salındı.
Milli Məclis qanunu, kəndin tarixi adı,
Elin arzusu ilə əvvəlki adın aldı.
Şükür ruhu sevindi, el istəyinə çatdı,
"Şükürlü” kəndi kimi bu ruh geri qayıtdı.
"Cəlilabad Cəmiyyəti” elin ruhunu duydu,
Onun təşəbbüsilə abidə də qoyuldu.
Hər tərəfdən qonaqlar açılışa toplanıb,
Qızıl payız günləri təbiət də canlanıb.
İcra başçısı Tofiq söylədi giriş sözü,
Bu təntənə sizin yox, bütün elindir düzü.
Hamıdan çox sevinən ilk oğlu Aslan oldu,
Oğulların "padşahı”, qəlbi fərəhlə doldu.
Danışanda kövrəlib, sevincindən ağladı,
Tarixləri yad edib, çaylar təki çağladı.
Oğlu Nəbi yanında balaca Şükürüylə,
Qanad açıb fəxr edir ulu, nəcib köküylə.
Onlarla birgə gələn göz həkimi Məleykə,
Nəvələrin taçıdır, hüsnü sanki məleykə.
Kaş bu günü görəydi əziz əmim Elxanı,
Atam vəfat edəndən, o idi elin xanı.
Oğlanları burada – Cavanşir, Bədir, Elşad,
Əmimin yerin tutub, olublar hamıdan şad.
Bədir bircə oğlunun adını qoyub Şükür,
Mehribanlıqda bənzər, üzündən nur tökülür.
Atamın vəsiyyətin yetiriblər yerinə,
İstərəm ki, şöhrətdə qalxsın atam yerinə.
Qardaşım Abbasın da yaman yeri görünür,
Atamın ərköyünü, ürəyim çox göynəyir...
Südabə şer deyir, Səltənətsə işləyir,
Əflatun qulluq edir, kababları şişləyir.
Qulam əmi fikirli, keçmişin cəlalında,
Qardaşilə fəxr edir canlanır xəyalında .
Bacılardan Təyyarə qayçıyla lenti kəsir,
Şerləri alovlu, qəlbi yarpaq tək əsir.
Gülarəylə, Səkinə danışır incə-incə,
Səyyarə Səfurəylə qoşulublar sevincə.
Elmira, Ziba, Sultan salatları düzəldir.
Gültacla Təranənin xörəkləri gözəldir.
Telman, Ramiz, Asifsə qulluq edir məclisə,
Cavanşir əsəbləşir, xörək azca geciksə.
Həyat dolu adamlar, övlad, nəvə, nəticə,
Hətta iştirak edir beş nəfər də kötücə.
İllərlə görüşməyən qohumlar da görüşdü,
Küsülülər barışdı, bu ad hamıya düşdü.
Şükürlü tarixində bu ən böyük təntənə,
Abidəylə yaranıb yeni gözəl ənənə.
Burda şəkil çəkdirmək, keçib el adətinə,
Toy-büsat yeri kimi gənclər çatır səadətə!
Avqust, 1997.
|