Rafiqim çox igiddir, tapancası yanında,
Bir əlində qılıncı, qalxanısa qolunda.
O, divlərlə vuruşur, həmişə qalib gəlir,
Aya, ulduza uçub, kosmonavt olub gəlir.
Bir dəfə su dalınca Qalaaltına getdik,
Yolda neçə maşını böyük sürətlə ötdük.
Meşəyə yola düşüb, dağlara doğru qalxdıq,
Neçə "şiri-pələngi” Rafiqlə birgə yıxdıq.
Güllü bir talaya çatdıq nəhayət,
Hər tərəf kəpənək, qaynar bir həyat.
Cırcırama uçuşda vertalyota bənzəyir,
Arılar çiçəklərin ləçəklərində gəzir.
Cırcırama görəndə yarpaq tək əsdi balam,
Kəpənəkdən gizlənib, arıya verdi "salam”.
Heyrətindən donaraq, susub qaldı bir zaman,
Sonrası qışqıraraq "kömək edin, ay aman”,
Mənim qəhrəman oğlum, sən ki, igid balasan,
Cırcırama nədir ki, ondan belə qorxasan.
"Axı bunlar balaca, onları necə yıxım?!
Arını necə tutum, belini necə sıxım?!”
Avqust, 1975
|