Atamın yubileyidir, bir şer yaz atama,
Lalənin məhəbbətin, həsrətin yarat orda.
Elə şer yazın ki, şəfəqi al boyasın,
Qızıl bayraq üstündə ay-ulduz tək parlasın.
Orda anam görünsün, atama çox yaraşan,
Xəzərim ay işıqlı, dalğaları çarpışan.
Bağımızda çiçəklər tamam açılmış olsun,
Vətənin keşiyində Elçin dayanmış olsun.
Atamı mən orada ağ şanı yığan görüm,
Mehriban əllərilə saçımda sığal görüm.
Ürəyimdən keçəni, arzuları dinləsin,
İncil mürəbbəsilə çay deyibən səsləsin.
Nərd oynasın Sizinlə, uduzanda pərt olsun,
Dözərəm hər nazına, qoy bir az da sərt olsun.
Qaçdı-tutdu oynayaq, Maradonadan deyək,
İsti təndir çörəyi, əla kababdan yeyək.
Narın qumun üstündə ayaq izi yayılsın,
Ürəkdən elə gülsün, təbiət də ayılsın.
Saçı bahar çiçəkli, qəlbi qaynayan bulaq,
Bakı-Ankara boyu, asma körpülər salaq,
Ayrılığa son qoyan, yollarımız qısalsın,
Ərköyün, nadinc balan boynundan bərk asılsın.
Lalənin istəyini Bəşir aldı qələmə,
Əlliyə indi çatdın, səs yayıldı aləmə.
Hamının arzusu bir – yüzü başa vurasan,
Nəvə-nəticənlə sən bir qalaça qurasan!
20 sentyabr, 1987
|