Dağlardakı göy çəmən günəşin hərarəti, Gözlərimdə qığılcım qəlbimin təravəti. Talehimə səpilən məni məndə yaşadan, Həyata məhəbbətim tanrının səxavəti.
Müdriklər səltənəti ucalan düşüncələr, Ağıllı insan ancaq qulağından dincələr. Ürək hər an inciyər nadanla üzləşəndə, Meyvə üzülən zaman saplağından incələr.
Gəncliyimlə son görüş səsimdəki titrəyiş. Göydə qara buludlar tufanlardan bildiriş. Həyat dünyanın əksi , güzgüdəki bənzəyiş, Uçan quşun kölgəsi ümidlərə söykəniş.
Dağların dağılması qayalardan baş daşı, İldırımın çaxması buludların göz yaşı, Sahilinə tələsən dalğaların yarışı, Ölüm – həyat dostluğu dünyamızın təlaşı.
Dərdlidə acı gülüş , göz yaşın ovunması, Çürümüş ağacların zərbədən ovulması, Qocalıqda böyük dərd unudulmaqdır ancaq Alma yeyən Adəmin cənnətdən qovulması.
Nağılların sonluğu , "Göydən üç alma düşdü” Bu sonluğa çatıncan uşaq qəlbim üşüdü. Biri ikisin yedi , qalanara bir dilim Onu da yeyən zaman dodaqlarım bürüşdü. 2002
|