Görərdim gecəni gündüz gözündə
Duyardım acını şirin sözündə
Qışımı bahara çevirən gözəl
Çatmışam arzuma eşqin düzündə
Arzular çevrilib indi qayğıya
Əllərim uzanıb günəşə , aya
Ahıllıq dövrünü yaşamaq çətin
Tuşlanıb ürəyim iki dünyaya
Biri qonağımdır , birinə qonaq
Həyat ağacında ikicə budaq
Budaqlar arası oynayan quştək
Budaqdan – budağa sevinclə qonaq
Həyat "ruletka” ya sanki bənzəyir
Üzümü kədərlə sevinc bəzəyir
Bir quş , iki budaq, barmaq tətikdə
Ölümsə qurbanın hər an gözləyir
Gözləyə - gözləyə çox şeyi daddıq
Bu fani dünyaya yaman aldandıq
Çiynimdə mələklər əməllərimlə
Həqiqi dünyaya birgə addayaq
2003