Salxım söyüd başın əyib min xəyala dalan kimi,
Qürub çağı göy qübbəsi qara çarşab salan kimi.
Bir yetimin son ümidin əllərindən alan kimi
Söylə gülüm, bu kədərlə, bu xəyalla necə gülüm?!
Ağla söyüd, yurdsuzlarım göz yaşını tökən kimi,
Susuzluqdan yanan dodaq su həsrəti çəkən kimi.
Tənhalığın vahiməsi ürəklərə çökən kimi,
Dinlə gülüm, bu kədərlə, bu xəyalla necə gülüm?!
İnlə söyüd, Xocalıda tifillərin naləsi tək,
Övladlara həsrət qalan qaçqınların bölgəsi tək.
Ümid yeri saman çöpü, uçan quşun kölgəsi tək
Bir de gülüm, bu kədərlə, bu xəyalla necə gülüm?!
Ayna sular ay işığın sinəsinə səpən kimi,
Nadinc ləpə sıçrayaraq qayalardan öpən kimi.
Al şəfəqlər oynadaraq, dan yerini sökən kimi
Bir gəl gülüm, bu sevinclə, bu xəyalla bir də gülüm!