Qara – qartalın ucalıq nöqtəsi,
Qızlar yanağında gözəllik nəğməsi.
Ömür dünyamızın dəyişən yarısı,
Bolluq əlaməti torpaq çöhrəsi.
Qara – qara gözlərin işıq rəmzi,
Türklərin coşmuş "Böyük dənizi”.
İslam dünyasının müqəddəs daşı,
Əsir düşən qız-gəlinlər bənizi.
Qara – dağ, yanan yurdun ahı-naləsi,
Xalqımın üstündə düşmən kölgəsi.
Şəhid anaların matəm çarşabı,
Vətən qaçqının yanmış ölkəsi.
Göy – yurdun özü, göy aynası "Göygöl”ü,
Altaydan Turanadək çəməni-çölü.
Qaçqın körpələrin don vurmuş dodağı,
El-oba həsrətli azadlıq könlü.
Göy – səmanın özü dünya çətiri,
Minarə bəzəyi, quran sətiri.
Güclü atəşlərin yanan işığı,
Türkün təndirində çörək ətiri.
Göy – dağ, əynində Altay çaları,
Aralı dağların yaralı bağrı.
Dəi küləklərin tufan qəzəbi,
Coşmuş Xəzərimdə dalğa qatarı.
Qara – göy boyalarla ucalan dağım
Azadlıq yolları bir alın yazım
Göylərin sonsuzluğu inanc yerimiz,
Ay – ulduzlu üç rəngli bayrağım
1993