Eşşəyi xisləti etsə də rəzil,
Padşahı istəsə olacaq vəzir.
Şah ova çıxmaq üçün vəziriylə görüşdü,
Hava necə olacaq onlar xeyli düşündü.
Vəzir qəti söylədi əla hava olacaq,
Ulu, böyük hökmdar ovdan razı qalacaq.
Böyük dəstə düzəldi, yüzlərlə atlı ovçu,
Ovçulara qoşuldu tazı, tula, şeypurçu.
Ətrafa yayılaraq, pusqular da quruldu,
Mənzərəni seyr edən şahın keyfi duruldu.
Bu zaman şah gördüki, təlaş içrə bir qoca
Eşşəyin bizləyərək deyinir yol boyunca.
Şah dedi: - Qoca nədən bu heyvanı söyürsən?
Nədir belə günahı? Üstəlik də döyürsən.
Qoca dedi ay ağa , indi tufan qopacaq,
Bu yerişlə bu heyvan kəndə nə vaxt çatacaq?!
Aydın səmayə baxıb şah dedi axmaq qoca,
Atına qamçı vurub, güldü hətta doyunca.
Hava birdən dəyişdi, çox çəkmədi bu gülüş,
Vəzirə qarşı şahda başlandı acı dönüş.
Əmr etdi ki, o qoca baş vəzir olsun gərək,
Vəzir isə asılsın, ucalsın böyük dirək.
Dərs olsun nadanlara, qoy hamı görsün onu,
Duysun şahın verdiyi ədalətli qanunu.
Əyanlar tez qocanı tapıb geyindirdilər,
Vəzirlik libasında hüzura gətirdilər.
İşdən xəbərsiz qoca içində böyük qorxu,
Qəzəbli şahı görüb, donub bir an duruxdu.
Nazik, titrək səs ilə, "Mən adi odunçuyam,
Avamlıqda bu eldə bəlkə də sonuncuyam.
Günahımı bilmirəm məni ələ salırsan,
Zəngin libas geydirib ortalığa atırsan”.
Şah dedi : - Elə deyil , havanı düzgün bilən,
Sən tək ahıl insana məni nahaq güldürən.
Baş vəzirin yerində müdrük insan otursun.
Bu bizlərə şərəfdir , gözəl məclis qurulsun,
Mətləbdən duyuq düşən qoca yenə dilləndi:
"Bunu eşşəyim bilib", ağır – ağır söylədi.
"Qulaqların sallayıb, quyruğunu qısması,
Mənim xidmətim ancaq əlamətin açması,
Tufandan xəbər vermək çoxdan onun adəti,
Ağıllı əjdadından öyrənmiş bu sənəti".
Şahı dəhşət bürüdü , sanki ildırım vurdu,
Eşşəyin duyumundan yerindəcə qurudu.
Tapın həmin eşşəyi vəzir təyin edirəm,
İşlərin quran kimi istefaya gedirəm.
Bu gündən məsləhəti hamı ondan alacaq,
Mən səfərə gedəndə ,o yerimdə qalacaq.
Quruculuq işində ilk məsləhət alındı,
Tikilən yeni körpü çay uzunu salındı.
"Nazik , incə dərili vəzifədən qovulsun
Onların əvəzində gönü qalın qoyulsun”
Bu göstəriş fərmanla palanlarda yazıldı.
Şüarlara çevrilib dalanlarda asıldı.
Xəbər külək qanadl hər tərəfə yayıldı,
Eşşəklər bayram edib sevincindən bayıldı.
Gəlirli vəzifələr bir – birinin dalınca,
Həmcinslərə paylandı son qoduğu qalınca.
Yeyildi hərnə varsa arığları kökəldi,
Gül – çiçək əvəzinə qanqal – tikan əkildi.
İdman növü sayıldı anqıraraq ağnamaq,
Əyləncəyə çevrildi küllükdə şıllaq atmaq.
Çox sevimli kaktusu gül açanda bayramı,
Tamaşaya çıxmalı , sevinməliydi hamı.
Rəngə basıb quyruğun , kətan üstə bullayır,
Yaratdığı şedevri sərgilərə yollayır.
Uzanib – güdəlməyən bant bağlanan quyruğu
Xalqa elan edildi sabitliyin simvolu.
Qanunlara inancı arxasınca daşıdı,
Eşşəklər bir – birini artıq borca qaşıdı.
İmicini dəyişib atla qohum olmuşdu,
Özünə çox oxşayan qatırlar doğulmuşdu.
Onları əzizləyib göndərsə də yaylağa,
Doğub – törətmək ancaq edilmişdi qadağa.
Əsas rəqibi ayqır tezliklə axtalandı,
Hərəmxanada ancaq maydanlar saxlanıldı.
Cilov, yəhər, üzəngi tamam edildi talan,
Yeni moda sayıldı çul, çatı, quşqun, palan.
Yügənlərdən imtina ənənəyə çevrildi,
Quşqun olmaq uğrunda müsabiqə keçrildi.
Anqıraraq tapırdı insanlardan tayını,
Günü – gündən çoxaltdı cəmiyyətdə sayını.
Ceyran , maral duruşu qoduğa bənzədildi,
Səsi bülbüldən üstün gözəllər gözəlidi.
Dartılıb uzadıldı qulaqları qızların,
Marallar xar olaraq sındırdı buynuzların.
Eşşək minən qızların baxtı tez açılırdı,
Onun südündə çimən işıq tək saçılırdı.
Misallara çevrildi batdığı yerdən keçməz,
Qanmaz onun ləğəbi , yaxşını pisdən seçməz
"Burindi eşşəyi”nin məlumdur tərəddüdü.
Seçim edə bilməyib , nadan acından öldü,
ABŞ – da demokratlar onu hami götürdü.
Hakimmiyətə keçən eşşək fili ötürdü,
Filippin eşşəkləri şəhərləri alırdı.
Afinanı sevməyib nadanlıqda qalırdı.
Dəvələr bağlanırdı onların quyruğuna,
Qoduğlar keçirdilər ananın qabağına.
Eşşək nalı öpənlər əyanlar sayılırdı,
Ayaq izi öpəndən yüksəkdə dayanırdı.
Sinəsinə döyərək hədə - qorxu biçirdi,
Başı ağrıyan gərək eşşək südü içirdi.
Nəticə artıq bəlli, Set padşahlıq edirdi,
Osiris öldürülüb zaman geri gedirdi.
Yaşanılan bu era hikmətli bir gülüşdü,
Linkolnun qələmində böyük tarixə düşdü.
1990.