Müdriklər demişdir dünya tamaşa
Verilən ömürdə özünü yaşa
Zirvənə çatarkən canında qorxu
Sonunu gözlərkən düşmə təlaşa
Bu misralar ömrünün müdrik çağını yaşayan Bəşir
Şükür oğlunun "Hikmət çələngi” adlı növbəti kitabının ruhunu, fəlsəfəsini,
estetik qayəsini bütövlükdə ifadə edir . Bu dörd misrada Bəşir müəllimin
dünyaya baxışı, həyatın mənası, gəlimli-gedimli dünyada insanın həyat yolu
haqqında baxışları tutarlı şəkildə əks olunmuşdur. Bu misralar öz oxucusuna
həyata müdrüklərin gözü ilə baxmağı,heç kimi təkrar etmədən özü kimi olmağı
tövsiyə edir. Tövsiyə edir ki, elə yaşa ki, ömrün sonuna çatanda etdiyin
səhvlər, işlətdiyi günahlar, boşuna yaşanan ömür səni təlaşlandırmasın,
ömrün son anında, geriyə baxanda təlaş,peşmançılıq əvəzinə yaşanan ömürdən
qürur duya biləsən, duyğuların, düşüncələrin sənə rahatlıq gətirsin.
Həyata, insan ömrünə belə müdrik
baxış, Bəşir müəllim başlanğıcda ailə mühütündən, el ağsaqqalı, mərhum Şükür
kişidən öyrənmişdir. Həyata müstəqil yaşamağa başlayandan sonra isə, həm
Bakı Dövlət Universistetində təhsil illərində, həm də əlli ildən artıq bir
dövrdə ADPU-da, elmi – peqoji fəaliyyəti ərzində həyati müşahidələri
nəticəsində mənimsədiyi fəlsəfi düşüncələr əsas olmuşdur.
Həyat hadisələrinə, insan ömrünə, insan - əxlaq
mənəviyyat problemlərinə tarixi – fəlsəfi aspektdən baxmaqda onun peşəsi də az
rol oynamamışdır. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan ictimayyəti Bəşir
Quliyevi tarixçi, tanınmış təhsil işçisi, gözəl pedaqoq, kamil ziyalı kimi
tanıyır. Onun Azərbaycan Dövlət Pedaqoji Universitetindəki səmərəli
fəaliyyəti yüksək ixtisaslı kadrların hazırlanması işinə xidmət etmişdir.
Hərtərəfli geniş biliyi sayəsində bu kitaba daxil
olan şeirlərdə Peyğəmbər kəlamlarından, müxtəlif dövrlərdə yaşamış
filosofların, elm – mədəniyyət xadimlərinin, qədim eposların,o cümlədən ana
kitabımız olan "Kitabi –Dədə Qorqud” dastan motivlırindən istifadə olunması
imkan yaratmışdır ki, Bəşir müəllimin poeziyası həm poetik duyğu, həm də
həyata ictimai –fəlsəfi baxımdan tutumlu, müxtəlif çalarlı olsun. Elə buna görə
də onun bəzi nümunlərində müəyyən poetik qüsurları o şeirlərin məhz məna yükünün
böyüklüyü sayəsində bir o qədər də hiss olunmur. Bəşir müəllim özü də
professional şairlik iddiasında olmadığını təvazökarlıqla dönə - dönə
vurğulayır. Ancaq, bu həqiqətdir ki, onun şeirlərində son dərəcə, poetik ifadə
baxımından mükəmməl nümunələr də az deyildir:
Sarmaşıqlar saraldı
qızılgülə qovuşsun
Yarpaqlarsa
saraldı, günəşə çox oxşasın
Biri alaq sayıldı,
biri qurumuş xəzəl
Burada sarmaşıq – qızılgül, saralmış
yarpaq – günəş qarşılaşdırılması uğurlu poetik mənalandırmadır. Qızılgülə
sarılan sarmaşıq qızılgül, saralan yarpaq isə Günəş ola bilməz. Bu
misralada şairin estetik idealı aydındır.Həyatda hər hadisənin, hər əməlin öz
yeri, öz dəyəri vardır. Hər şey öz yerində gözəldir. Müəllifin öz oxucusuna
tövsiyyəsi belədir – özün olmağa çalış, çünki başqalaşmaq özünü itiirmək
deməkdir. Şeirlərinə musiqi bəstələnməsi də onun
poeziyasını bədiiliyindən, estetik gözəlliyindən xəbər verir.
"Hikmət çələngi” kitabına daxil olan şeirləri
əvvəlki "Təzadlı dünya” kitabındakı şeirləri ilə müqayisədə ideya – məzmun
baxımından yüksələn davamıdır.Yeni kitaba daxil olan şeirləri öz amalına görə
bir neçə qrupa ayrılmışdır. Bu qruplardan biri "Hikmət çələngi” adlanır. Kitab
da öz adını bu bölmədən götürmüşdür. Bu bölməyə daxil olan şeirlər müəllifin
həyatla, təbiətlə bütövlükdə kainatla, tarixlə, dini etiqadlarla bağlı
fikirlərinin fəlsəfi səpgidə mənalandırılmasına həsr edilmişdir. Öz
fikirlərini ifadə etmək üçün şair söz bahadırlarının, Peyğəmbər kəlamlarının,
kainatdakı hikmətləri köməyə çağırmışdır :
Topladım süfrəmə hikmət çələngi
Nizami, Füzuli, neçə nəhəng
Peyğəmbər kəlamı, islam inancı
İnsan zəkasında günəşin rəngi
Bu dördlüyün təkcə son misrası –
"İnsan zəkasında günəşin rəngi” – misrası haqqında səhifələrlə yazmaq
olar. Bu misrada insan zəkasının gücünə, mənasına, həyatverici qüdrətinə diqqət
yönəldən Bəşir müəllim insan zəkasında günəşin olduğunu lakonik şəkildə deyə
bilmişdir. Bu silsiləyə daxil olan şeirlərin hər biri özünün daxili
fəlsəfi mənası, estetik qayəsi baxımından maraqlıdır,
oxunaqlıdır, düşündürücüdür, ibrətamizdir.
Nəsimini soydular, məğlub oldu cəhalət
Babəksə doğranıldı, parçalandı xilafət
Cavadxan güllələndi, oyandı milli nifrət
Ölənlər qalib gəlir, zəfər çalır ədalət!
Bəşir Şüküroğlu bəzən ikicə misra ilə atalar sözü
qüdrətində fikir söyləyə bilir:
Varlı
əlində çomaq, ona əsa dedilər
Yoxsul əlində əsa, onu çomaq bilrilər
yaxud: Küçüklənib kiçilən şirin edər dilini
Güclənəndə dişləyər sahibinin əlini
Bir cəhəti qeyd etmək istəyirəm ki,” Hikmət
çələngi” kitabı öz oxucularından diqqət, hər misra üzərində düşünməyi
tələb edir.
Məsələn, "Mömünə türbəsi” gözü göy kaşı
Göy
gölün qubanı Kəpəzin başı
misralarındakı mənanı başa düşmək üçün Mömünə Xatun türbəsinin memarlıq
xüsusiyyətləri ilə tanış olmaq, eləcə də Göy gölün yaranma tarixini
bilmək lazımdır. Məlumdur ki, Göy göl zəlzələ nəticəsində Kəpəz dağının
zirvəsinin parçalanıb yerə çırpılması nəticəsində yaranmışdır.
"Göz yaşı” silsiləsindən olan şeirlər daha çox
duyğuların kövrəldiyi, təbiət mənzərələrinin oyatdığı həzin hisslər, uşaqlığın,
kənd xatirələrinin,kənd məişətinin nostalgiyasından yaranan şirin
xatirələr bizi keçən günlərə aparır, analarin dəmlədiyi aşın, sacda bişən
lavaşın ətrini duyursan,dadını damağında hiss edirsən.
Kitaba daxil olan hər bir şeirin öz aurası,öz
ovqatı, öz rəngi, öz musiqisi vardir. "Qəm yaddaşı” şeirini oxuyarkən həm
kövrəlirsən, həm də düşünürsən, sanki içinə qəmli bir bulud çökür. Bu şeri
oxuyarkən hər gəlişin bir getməyi, hər gülüşün bir ağlamağı, hər bir düz yolun
bir döngəsi olduğu barədə kölgəli, qəmli, həm də ibratamiz duyğular keçir
insanın içindən.
Hər
gülüşdə bir göz yaşı
Göz yaşları dərd sirdaşı
Hər görüşdə bir ayrılıq
Ayrılıqsa qəm yaddaşı
misralarının kədərli ab – havası insanı həyatın mənası, ömür yolunun enişli
– yoxuşlu olması barədə düşündürür. Çünki -
Yüksəlməyin enməyi var
Düz getməyin dönməyi var
Çıraqların sönməyi var
Sönməyisə qəm yaddaşı
Bu misralarda hər bir yüksəlməyin bir enməyi
olduğunu, hər düz yolun sonunda bir döngə, bir tıxac olduğunu, hər bir yanan
çırağın sonda sönməyə məhkum olduğunu unutmamağa bir çağırış, bir xəbardarlıq
vardır. Belə hallarda şairin poeziyasının fəlsəfi mündərəcəsi, həyat
dəyəri daha çoz gözə çarpır, diqqəti cəlb edir.
Hər bir şairin oxucusunu yeni ovqata kökləməsi , bir
əhval – ruhiyyədən başqa başqa bir əhvai – ruhiyyəyə səsləməsi bütövlükdə
kitabın yorucu olmamasına mütaliyə zamanı oxucusunun nəfəsinin
təngiməməsinə xidmət edir. Bu baxımdan ”Duysana” şeri çoz səciyyəvidir. Bu şeir
bütövlükdə məhəbbət ovqatına köklənib. Lirik qəhramnın kövrək duyğuları, onun
könül çırpıntıları həsaslıqla seçilən sözlərin yaratdığı lirik ovqatda
oxucaya təqdim edilmişdir. Lirik duyğuların aşıb – daşdığı bu şeirə musiqi
də bəstələnmişdir. Sevgilisindən çəkdiyi həsrəti onun duyması üçün "duman olub
yanağından öpmək, bulud olub göz yaşını tökmək, xəzri olub düymələrin
sökmək, çiçək olub yoluna səpilmək, çələng olub boynuna dolanmaq, bənövşə
tək qoynuna sığınmaq həsrətilə yaşamaqdadır:
Dalğa olub sinəm üstə alaram,
Külək olub saçlarını dararam,
Eşqin üçün ürəyimi yararam,
Bu həsrəti bir duysana, sevgilim.
Bu sətirlər həsrət duyğusunu qəlbin bütün
yanqısı ilə ifadə edən bir şeirdir.
Bu xüsusiyyət Bəşir müəllimin digər lirik şeirlərinə də aiddir.
" Təzadlar dünyası” silsiləsindən olan şeirlərdə yenə həyat,
cəmiyyət, dünya ilə bağlı olanların insan ovqatında oyatdığı duyğylar,
düşüncələr qələmə alınmışdır.Dünyanın vəhdəti və bu vəhdətdəki daxili və zahiri
ziddiyyətlər, qarşıdurmalar, sevinclə kədərin bir – birini izləməsi şairi
düşündürən əsas mövzu olmuşdur:
Xeyir
– şərin çaları, dünyamızda təzadlar,
Sevinc – kədər birliyi, içimdəki əzablar,
Vəhdətə bax, İlahi! Mübarizə, ziddiyyət,
Bunlar əbədi qanun, kainatı tarazlar.
Yaradıcılığında daha çox qlobal fəlsəfi
düşüncələrə meyilli olan Bəşir müəllim "gecə - gündüz sevgisi, ölüm –
həyat dostluğu, yer dəyişmə qanunu, bəşərin sonsuzluğu” harmoniyasında insan
düşüncəsinin sərhədlərini araşdırmaqdadır. Və bu harmoniyada bir yanda "
günəşdə zülmət görən gözlü korlar dünyası”, o biri yanda isə "heçdən
varlıq yaradan dahilərin dühası” ön plana çəkilir, nadanlıqla mərifət,
nadanlıqla elm – mədəniyyət qarşılaşdırılr və şübhəsiz ki,kamilliyə, tərəqqiyə,
ədalətə üstünlük verir. Belə şeirlərdə Bəşir Şüküroğlunun poeziyası
bəşəri mahiyyət alır, daha çox insailəşir, qloballaşır, humanistləşir. Bu
baxımdan onun "Dünya və insan” şeri oxucunu düşünməyə, həyacanlanmağa
vadar edir. Dünya və həyat nədir, insan kimdir sualları qarşısında şairlə
birlikdə oxucu da düşüncələrə dalır:
İnsan! Dünyanın bir anı
Ancaq yaşadır özündə dünyanı
... Dünya, deyə - gülə insan ömrünü yeyir
Qaytarır özünü – özünə
Şairin bu qənaəti yəqin ki, klassik
fəlsəfənin heç şey yox olmur, yalnız şəklini dəyişir – prisipindən
qidalanmışdır. Nəzərə alaq ki, bu şeir qırx il bundan əvvəl yazılmışdır.
Deməli Bəşir müəllim hələ gənclik illərində həyatın mənası,dünya – insan
münasibətlərinin çərçivəsi barədə düşünmüş, axtarışlar aparmışdır.
Bəşir Şüküroğlunun "Azadlıq yollarında” bölməsinə
daxil olan şeirləri xüsusən keçən əsrin səksəninci illərin sonu, doğsanıncı
illərin əvvəllərində milli oyanışa, Qanlı Yanvar faciəsinə, rəhbərlərin
səriştəsizlinə, milli satqınların ifşasına, həsr etdiyi: - "Unutmaram o
gecəni”,”Döyüş marşı”, "Meymunuun xarratlığı”, "Eşşəyin vəzirliyi”, "Yenə
bir ulduz axtdı” kimi şeirləri onun bir vətəndaş olaraq siyasi
mühütə,millətin dərdlərinə düzgün münasibətinin göstəricəsidir.
Kitaba daxil olan təmsillər alleqorik səpgidə
yazılmış və onlar da ibrətamiz fikirlər aşılayan şeir nümunələridir.
Bəşir müəllimin ata, ana, övlad məhəbbətinə, eləcə
də dost – tanış ünsiyyətinə həsr olunmuş şeirləri maraqla oxunur.
Son olaraq bunu söyləmək istəyirk ki, Bəşir
Şüküroğlunun poetik düşüncələrə şübhəsiz ki, onun şeir, poeziya haqqındakı
fikirlərilə birbaşa bağlıdır. Onun fikrincə şeir "arzudan doğan insan sevinci,
insan nisgili, qəlb ağrısı, aşiqlərin odlu baxışı, xalı naxışı, ana
laylası, Xocalı yarası, Qarabağ həsrətli şikəstə səsi, ürəyimizdə Araz yarası,
Xəzərin tufan qəzəbi”dir. Buna görə onun şeirlərində fəlsəfi düşüncələrlə
yanaşı, Vətən məhəbbəti, insan sevgisi, gözəlliklərin
tərənnümü, çirkinliklərin rədd edilməsi kimi düşüncələr aparıcı rol
oynayır.
Bütün bu söylənənlər Bəşir Süküroğlunun "Hikmət
çələngi” kitabı haqqında qısa qeydlərdən ibarətdir. Bizim söyləyə
bilmədiklərimizi, yəqin ki, oxucular özləri görəcək, duyacaq, düşünəcək və
kitab haqqında Bəşir müəllimlə həmsöhbət olacaqdır.
Uşaqlıq gənclik və ixtiyarlıq çağlarımızın
etibarlı dostu Bəşir müəllimə yeni -yeni yaradıcılıq uğurları
arzulayırıq.
Allahşükür Qurbanov
Filologiya üzrə fəlsəfə elmləri
doktoru.
|