Aylı gecə, açıq səma,
Diqqət etdim asimana.
Ay nəhəng, ulduzlar kiçik,
göylər ayın bəzənmiş taxtı.
Tale axtaranlara
hər ulduz bir insan baxtı,
Kiçiklik anı-
kamanın çəkilmiş yayı,
ilin on iki ayı,
içində Ramazan bayramı.
Böyüklüyü on dörd gecəlik ay,-
olduqca nurani,
işığında oxumaq olur "Quran”ı.
Kiçilə-kiçilə böyüyür,
göylər sultanına dönür.
Bir ayda yaşayır neçə ömür,
hər gün başqa cür görünür.
Adı günəşlə yanaşı,-
ulduzlar kəhkaşanı,
İşığını günəşdən alan
yerə bağlı
pərsəngə tay,
Mərtəbənə heyran, ay!
Yenə bir ulduz axdı,
Şeytan əməlli insan
Götürüb sinəsinə taxdı,
açıldı ay kimi baxtı.
O, da bir ay oldu...
Yer ulduzu dahilər,
ən böyük kahinlər
ona baş əydilər,
yerin sultanı dedilər.
Dünyanın işinə,
zamanın gərdişinə bax...
Kiçiklər böyük görünür,
Dar düşüncəli insan
dahiyə dönür.
Qaranlıq qarşısında
işıqlar sönür.
Buz olur saf sular,
Yaranır zəncirsiz
könüllü qullar,
Bir də arxalı nadanlar...
Sinəsinə "axan ulduz” taxanlar,
Aşağıda ola-ola,
yuxarıdan baxanlar.
Çaxmaq daşı tək çaxanlar,
Güc gələn tərəfə
lava tək axanlar,
Yoluna çıxanı
yalayıb yaxanlar.
Töküldü nahaq qanlar
Öldürüldü Cavad xanlar
Vətən parçalandı
Millət haçalandı
Güneyli-qüzeyli,
həyatı hüzünlü.
Ağayi farslar,
cənabi ruslar,
Vətəndən başqa hər şey sizin,
Eninə-uzununa milləti əzin.
Sinəmizdə at oynadıb, gəzin,
Giribsiz böyük oyuna,
Sizindir bütün dünya,
Əvvəlin sonu var,
heç inciməyin!
Yanan ocaqlara
su çiləməyin.
Gələcək sahibi zəmanənin,
Sürünəcəksiz dizin-dizin.
Dünyamız da onda düzələr,
Seçilər əyri əllər,
düz əllər
Yoxsa, kifir görünər gözəllər,
Turşdan yox, baldan dodaq büzərlər,
Güldən yox, güllədən çələng düzərlər,
Qollarda qandal olar çələnglər,
Qırılar mərd əlli biləklər.
...Bir zamanlar
yolundan azanlara
Göydən yerə enənlər,
dünyanı düşünənlər
Dedilər allah sözlərini,
Haqq yolunda,
fəda etdilər özlərini.
Dünyanın ən ulu şairi,
Homer də günəşə baxa-baxa
Kor etdi gözlərini,
Işığa döndərdi
"İlliada”, "Odisseya” möcüzələrini.
O vaxtdan dəyişdi hər şey,
Ancaq quyudan sözün dedi ney.
Görənlərə kor,
korlara görən dedilər.
Əzildi ərənlər,
zəncirləndi Prometeylər.
Qandalları öpən,
diz çökən plebeylər...
Kiçilərək böyüyənlər
dünyasını yaratdılar.
Günəşdə zülmət görənlər
aldı ixtiyarı,
Allaha şərik etdilər
iqtidarı.
Ağıllı dəlilər dünyası yarandı
gözündə nadanların.
Sözünə güldülər
bəhluldanəndələrin.
...Minilliyin sonunda
azadlıq sorağında
Məşəllər alovlandı,
"Axan" ulduzlar
kül olub yandı,
Millətimiz oyandı,
Torpaq qana boyandı.
Tapdıq həqiqət aynamızı,
Müqəddəs Tomris anamızı.
Qaniçənlərə
qanın içirtdik,
İşığa bürünüb,
həqiqi ulduzlara döndük.
Millətlər içində ucaldı bayrağımız,
Yarandı müstəqillik bayramımız.
1992