Şer yaz! Deyərək qəlbimə hökm edirsən,
Şerin ülvi mənasın sən ki, yaxşı bilirsən.
Şer – arzudan doğan insan sevinci,
Sevgi işığında parlayan inci.
Şer – insan nisgili, qəlb ağrısı,
Şərbətdən yaranan ürək yanğısı...
Şer – dünyanın tarazlıq yükü,
Düşmən sinəsinə sancılan süngü.
Şer – məhəbbətin zəfər çələngi,
Açılan şəfəqin üfiqdə rəngi.
Şer – bayrağımın ulu amalı,
Türkün nişanəsi, göyün hilalı.
Şer – aşiqlərin odlu baxışı,
Təbiət çaları, xalı naxışı.
Şer – körpələrə ana laylası,
Xocalı yarası, bala naləsi.
Şer – azadlığın uca ələmi,
Ulutürk Təbrizi, süngü-qələmi.
Şer – Nizaminin ulu "Xəmsə”si,
Qarabağ həsrətli şikəstə səsi.
Şer – Xətainin Əli inancı,
Topun lüləsini qıran qılıncı.
Şer – ürəyimdə Araz yarası,
Vətənimin güney-quzey parası.
Şer – Xəzərimin tufan qəzəbi,
Birləşmək həsrəti, Turan əzabı.
2000