Ən qısa ömür sürür qaragül quzum mənim
Qiymətli gözəl dərin ən böyük dərdin sənin
Bəzən kəsilir başın heç dünyaya gəlməmiş
Göz yaşların tökülür bircə an da gülməmiş
Diriykən itirdiyin ölərkən qazanırsan
Atatürklər başında papaqtək ucalırsan
Verdin böyük şöhrəti , həyatı ana bətni
İlahi ! Nəyə lazım almaq belə cənnəti ? !...
Sular şəlalə olur qayalardan uçarkən
Ceyran gözəl görünür düzənlərdə qaçarkən
Biri sona tələsir , yaşayır qayalarda
Biri canın qurtarır , həyatı ayağında
Şəlalə şöhrət tapır bu ani uçuşunda
Ceyranın hürriyəti sürətli qaçışında
Verdin birinə şöhrəti , birinə hürrüyəti
İlahi ! Nəyə lazım yaşamaq bu həyatı ?!...
Yaponlar aşiq olub sakura çiçəyinə
Sonsuz məhəbbət ilə vurğun tər ləçəyinə
Rəng fəslə görə yaşıl , çəhrayı , bənövşəyi
Cəmi bir saat çəkir açmağı , tökülməyi
Yaşanan ani ömür onun böyük dünyası
Sanki ürkək ceyranın uzun çəkən röyası
Verdin ulu şöhrəti, qəm-kədəri möhnəti
İlahi ! Nəyə lazım yaşamaq bu möhləti?!...
Atın qayadan şəlalə olmaq istəyirəm
Qaragül quzu kimi soyulmaq istəyirəm
Sakuraya bənzəyib sovulmaq istəyirəm
Səksəkəli ceyrantək qovulmaq istəyirəm
Sevənlərə qovuşub ovunmaq istəyirəm
Anamın qucağında uyumaq istəyirəm
Yaşamaq haqqı çətin yoruldum bu cihaddan
İlahi ! Nəyə lazım doymamaq bu həyatdan
2002
|