Yollandı oğlum əsgər, hamının doldu gözü, Ayrılıq yaman olur, titrəyirdi hər sözü. Avtobusa əyləşib əl eyləyib baxırdı, Öz məğrur baxışilə bizi oda yaxırdı. Mənzilə çökür sükut, indi kimi danlayaq, Görüşə getmək üçün günümüzü sayaraq, Heç iki ay keçməmiş, görüşünə tələsdik, Harda əsgər gördüksə yarpaq təki əsirdik. Nəhayət, tapdıq onu qarşıda addımlayan Komandirin sərt səsi səsləndi: "Alay, dayan!” Ətrafına baxanda gözü bizə sataşdı, Ürəyimin odundan barıt kimi alışdı. Tez yeriyib qabağa, verərək rəsmi salam "İcazə ver görüşüm, gəlibdir atam-anam”. Sevincin həddi yoxdur, o, quş kimi uçurdu, Üzümüzdən öpərək, boynumuzu qucurdu. Ərköyün, nadinc balam, salırdı yəqin yada, Qucaqlayıb bizləri göylərə qaldıranda "Sözlərinə baxmayıb, nə istərdim edərdim Qızlar ilə görüşə icazəsiz gedərdim”. Oğul! Səndə nə günah, bu cavanlıq anıdır, Təbiətin hökmüdür, gəncin qaynar qanıdır. Uşaqlıqdan kişiliyə əsgərlik bir hədd olur, Həyatda, sərt sınaqda insan kamala dolur. Atalar yaxşı demiş, xoş günü diləyənlər Keçən yurdun qədrini köçən yurdda bilərlər. Yadında yaxşı saxla, halal çörək yeyirsən, Hansı xalqa məxsussan, kimə ata deyirsən? Millətimin qeyrəti sənin qanınla dolsun, Atanın cəsarəti daim yanında olsun. Dostlarını yaxşı seç, Faiq – alınmaz qala, Azər, İsa, Rövşənsə ondan qalmaz heç dala. Tanımıram yaxşı mən hələ neçə igidi, Bilirsən ki, polad da od üstündə bərkidi. Od yurdunun övladı cəsarətin rəmzidir, Əyilməmək xalqımda babəklərin əzmidir. Kişilik o deyil ki, manevr bilməyəsən, Daş gələndə üstünə başını əyməyəsən. Çevik olasan gərək, düşmənə vermə aman, Gərək qalib çıxasan döyüşdən hər bir zaman. Rəqiblər qarşısında mənliyini saxlasan, Fürsət düşən andaca, yenə qisas alarsan. Şah İsmayıl Xətai Çaldıran döyüşündə Belə fikir söylədi döyüşün gedişində "Bənzəyirəm yəqin ki, karvan basan quldura Ki, qəflətən hücuma keçərəmsə orduya”. On dörd ölkəni tutan, belə igid qəhrəman Mənəm-mənəmlik üstə məğlub oldu çox yaman. Bu hikməti unutma, hər işinə yarıyar,
Ehtiyatlı igidi allah özü qoruyar! 1992
|